Vaşinqtonda komendant saatı elan olundu, Pens Konqresdən çıxarıldı

Vaşinqtonda Prezident Donald Trampın tərəfdarlarının etiraz aksiyaları və şəhər mərkəzində baş vermiş iğtişaşlar səbəbindən komendant saatı elan olunub.
ABŞ vaxtı ilə 6 yanvar saat 18:00-dan 7 yanvar saat 06:00-dək yalnız xüsusi icazəsi olanlar və fövqəladə xidmət əməkdaşları küçəyə çıxa biləcəklər.
Etirazçıların Konqres binasına daxil olmasından sonra vitse-prezident Mayk Pens və Konqresin üzvləri noyabr seçkilərinin nəticələrinin təsdiqlənəcəyi iclası tamamlamadan Kapitoliyadan çıxarılıblar. Onlara gözyaşardıcı qazdan qorunmaq üçün xüsusi maskalar paylanılıb.

Vaşinqton meri Myuriel Bouzerlə Nümayəndələr palatasının spikeri Nensi Pelosi isə Kapitoliyaya Milli qvardiyanın göndərilməsini istəyib.
Donald Tramp Tvitter səhifəsində tərəfdarlarına müraciət edərək onları dinc davranmağa çağırıb:
“Xahiş edirəm Kapitoliya polisinə və hüquq-mühafizə orqanlarına dəstək olun. Onlar həqiqətən ölkəmizin tərəfindədirlər”.
