Buta Ukrayna

İnformasiya portalı

“Yeni Azərbaycan” qəzetinin maliyyəsi azaldıldı

Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2021-ci ilin I yarısı üzrə maliyyə yardımı ayrılacaq qəzetlərin siyahısını açıqlayıb.

Müsabiqənin nəticələrinə əsasən, gündəlik (həftədə ən azı beş dəfə olmaqla) nəşr olunan qəzetlərin hər birinə aylıq 20 min manat məbləğində, günaşırı (həftədə ən azı üç dəfə çap olunan) qəzetlərin hər birinə aylıq 10 min manat məbləğində və həftəlik (həftədə ən azı bir dəfə çap olunan) qəzetlərin hər birinə isə aylıq 5 min manat məbləğində vəsait ayrılacaq.

Bu ilin birinci yarısı üçün müsabiqədə qalib olan qəzetlərin siyahısında bəzi dəyişikliklər var. Belə ki, ötən ilin birinci və ikinci yarısında üç kateqoriya üzrə qalib olan və aylıq 20 min manat maliyyə yardımı alan “Yeni Azərbaycan” qəzeti hazırda iki sahə üzrə qalib elan edilib. Hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanı bundan sonra günaşırı nəşrlər sırasına aid edilib və KİVDF-dən aylıq 10 min manat maliyyə yardımı alacaq.

Bundan əlavə, ötən ilin ikinci yarısında yalnız bir sahə üzrə qalib elan olunan “Həftə içi” qəzeti də bu ildən etibarən günaşırı nəşrlər sırasına daxil olur. Əvvəllər aylıq 5 min manat maliyyə yardımı ayrılan redaksiyaya bu ilin birinci yarısında hər ay 10 min manat vəsait ayrılacaq.

Həmçinin, ötən ilin ikinci yarısına dair müsabiqədə maliyyə yardımı almayan “Hərbi And” qəzeti də builki siyahıda yer alıb. Qəzetə bu ildən etibarən KİVDF tərəfindən həftədə 1 dəfə nəşr olunmaq üçün aylıq 5 min manat dəyərində maliyyə yardımı ayrılacaq.